YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qarşılayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşü olub.
Dövlətimizin başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulamışdır. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını demişdir. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu demişdir. Dövlətimizin başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.