Pakistan ötən gün baş verən dəhşətli təyyarə qəzasının şokunu yaşayır. Hadisə səbəbi ilə ölkədə matəm var.
Qəzanın baş verdiyi yerdə isə cəsədlərin axtarışları davam edir. Pakistanın Karaçi şəhərindən paytaxt İslamabada uçarkən eniş zamanı Margalla dağlarına çırpılan təyyarədən çıxarılan 100-dən çox meyitdən 55-nin şəxsiyyəti müəyyən edilərək ailələrinə verilib. Pakistan Tibb Elmləri İnstitutundan bildirilib ki, ölənlərin çoxunun cəsədləri parçalanıb ya da yanıb. Buna görə də şəxsiyyətlər DNT yoxlaması ilə müəyyən edilməlidir. Məlumata görə proses 1 həftəyədək davam edəcək.
Hələlik təyyarənin qara qutusu da tapılmayıb. Pakistan İnformasiya nazirliyi təyyarənin əlverişsiz hava şəraiti səbəbi ilə qəzaya uğrama ehtimalının yüksək olduğunu, ancaq dəqiq səbəbin qara qutunun tapılması ilə məlum olacağını bəyan edib.
Qəzaya uğrayan təyyarənin məxsus olduğu Airblue firması isə Airbus - 321 tipi sərnişin təyyarəsinin 2002-ci ildə istehsal edildiyini və indiyədək heç bir nasazlıq qeydə alınmadığını açıqlayıb. Həmçinin qəzadan əvvəl təyyarədən hava limanına heç bir nasazlıq şikayəti də edilməyib.
Qəza zamanı təyyarədə 146 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan 110 kişi, 29-u qadın, 5 azyaşlı və 2 körpə olub.